Başqa şəhər


Budapeşti Arazla birlikdə gəzirik və onun gözləri ilə şəhəri mən də özüm üçün kəşf edirəm: Osmanlı hökmranlığı dövründən (1541-1686) qalmış, neçə müsəlman mehrabının – ibadət üçün divarda Məkkəyə istiqamətlənmiş oyuğun xristian kilsələrində günümüzə çatdığını və ya Gül Baba türbəsinin indi illər əvvəl olduğu kimi turistlər deyil, daha çox ibadət vaxtları inanan müsəlmanlar tərəfindən ziyarət olunduğunu, buna görə hətta bu abidəyə giriş biletlərinin ləğv olunduğunu öyrənirəm. Araz Macar İrsi Evinin nəşr etdiyi iki böyük Azərbaycan dastanı – Dədə QorqudKoroğlunun macar dilinə tərcüməsinə rast gəlib, sevinir. O, macar yazılarını diqqətlə oxuyaraq, çoxlu, həm aşkar, həm də sezilməyən şəkildə mövcud olan türk dilinə qohum söz və strukturları açmağa çalışır. Sonunculardan biri kimi, böyük təəccüblə kəşf etdik ki, macarca “féreg” həm qurd", həm də canavar" mənasını verdiyi kimi, azərbaycanca etimoloji olaraq onunla heç bir əlaqəsi olmayan qurd” (türkcə kurt”) sözü də eyni iki mənanı verir. Əlavə olaraq, bu söz “özünə yer etmək, içərisinə soxulmaq” mənasını verən girmək” sözündən gəldiyi kimi, “féreg” də göründüyünə görə macarca tamamilə eyni mənanı verən “fér” felindən gəlir. Uzundur çöllərin yolları.

Lakin əsl qarşılaşma bizi Macar Milli Muzeyinin zirzəmi mərtəbəsində gözləyirdi. Qarderobun yaxınlığında divara iki daş, Osmanlı dövrünün 17-ci əsrin ortalarına aid iki macar qalasından iki tikili kitabəsi yerləşdirilib. Onların yazısı güclə sezilir (buna görə sadəcə foto-şəkli günahlandırmayın), lakin nə oxuna bilərdisə yanlarındakı lövhəciyə yazılıb:

“Ya Allah! Ya Xaliq! Sekeşfehervor (Székesfehérvár) qalası. Əlahəzrət Şahbaz Paşanın dövrü. 1070-ci il (18 sentyabr 1659 – 8 avqust 1660)”

“Küll aləmin xəlifəsi Məhəmməd Sultan xanın – Allah onun ömrünü və hökmünü uzun etsin – hökmdarlığı dövründə Siyavuş vəzir paşa, Mustafa mir liva paşa və Cəfər Mustafa mir alay bəy tərəfindən 1059-cu ildə (15 yanvar – 6 dekabr 1649) inşa edilib” (Buda qalsının Siyavuş bürcündən)

Araz deyir ki, qurucuların adları İranın ilk azərbaycanlı sülaləsi olan Safavilərin taxta gəlməsinə kömək etmiş, sələfləri hazırda Azərbaycanda məskunlaşan, şiə türk cəngavərləri – Qızılbaşlar üçün səciyyəvidir. Sekeşfehervar paşasının adı 1890-cı ildə Şandor Keqlə əbədi dostluq əhdi vermiş azərbaycanlı Şahbaz bəyin adı ilə, Buda paşasının adı isə bu yaxınlarda vəfat etmiş Simin Daneşvarın 20-ci əsr İran tarixində ən görkəmli romanını barəsində yazdığı İran şiə türk dastan qəhrəmanının adı ilə eynidir.

Bu şəhərdə gizlənmiş neçə-neçə bilinməyən şəhərin arasında ən gizlilərindən biri Azərbaycanlı səyahətçiyə öz simasını göstərir.


No hay comentarios: