Bakıda payız


Bu fotoşəkil 6 sentyabr 1989-cu ildə, Bakının o zaman hələ Leninin adını daşıyan əsas meydanında çəkilib. Böyük plakatın üzərindəki “Demokratiya” sözünü Azərbaycan dilini bilmədən də başa düşmək olar (ölkə latın qrafikasına ancaq müstəqil olandan sonra qayıdıb), şüarın tam mətni isə belədir: “hарадасан, аj Демократиjа” – “Haradasan, ay Demokratiya?”. Arxa fondakı daha kiçik ağ plakatın üzərindəki yazı isə “АХЧ-нин Меhдиабад дайаг дəстəси” “Azərbaycan Xalq Cəbhəsinin Mehdiabad dayaq dəstəsi”dir. Yaxşı, belə isə soruşula bilər: bu fotoda nə təsvir olunub?

Oxucu, ən azından 1989-90-cı illərin nümayişlərlə başlayıb Berlin Divarının yıxılması ilə Kommunist sisteminin dağılmasına gətirən hadisələrini hələ də xatırlayan Şərqi Avropalı bir oxucu, müasir Azərbaycan tarixini dərindən bilməsə belə cavabı təxmin edərdi: Bakıda Kommunist rejiminə qarşı nümayiş.

Lakin bu şəkli veb-saytında (arxiv) tapdığımız macar “profimedia” foto-agentliyi başqa cür fikirləşir. Ona belə bir başlıq əlavə ediblər: “Bakıda anti-erməni mitinqi. Lenin meydanında bir neçə min nəfərlik anti-erməni mitinqi, Bakı, Azərbaycan bir Sovet Respublikası kimi.”

Bir neçə ay əvvəl bu fotonu aşkar etmiş Araz növbəti e-poçt məktubunu agentliyə göndərib:

Hörmətli “profimedia” komandası,
Təsadüfən veb-saytınıza rast gəldim və foto-kolleksiyanızı çox bəyəndim. Azərbaycandan olan fotoşəkilləri nəzərdən keçirərkən təəssüf doğuran yanlışlığa - “Bakıda anti-erməni mitinqi” başlığı ilə verilmiş bir qrup fotoya rast gəldim. Lakin hətta bu şəkillərdə təsvir olunan şüarları oxuyaraq başa düşmək mümkündür ki, bu bir anti-sovet nümayişi olub... Ümid edirəm ki, bu kiçik, lakin olduqca həssas məsələ mümkün qədər tez bir zamanda düzəldiləcək.
Hörmətlə, Araz Yusubov

“Profimedia”nın inzibatçısı dərhal cavab verib:

Hörmətli cənab Yusubov,
İradınıza görə təşəkkürümüzü bildirir və bu səhvə görə təəssüf edirik. Biz bir şəkil bankı olduğumuza görə sadəcə fotoları öz təchizatçılarımızdan qəbul edirik və şəkillər üçün əlavə xəbər və başlıqları biz yazmırıq. Təchizatçımıza bu səhv barəsində məlumat verəcəyik və ümid edirik ki, onlar mümkün qədər tez bir zamanda bu səhvi aradan qaldıracaqlar.
Hörmətlə, Şüle Timea


Onların təchizatçılarına məlumat verib-vermədiklərini bilmirik. Bircə onu bilirik ki, o vaxtdan bəri başlıq dəyişdirilməyib.

Araz bu məsələni elə-belə, başqa bir əhvalatla əlaqədar, özü söylədiyi kimi Azərbaycanla bağlı bənzər səhvlərin Qərb mətbuatında az qala hər ay nəşr olunduğuna görə buna çox əhəmiyyət vermədən mənə danışdıqda (məsələn, bu yaxınlarda “Guardian” ölkənin yanlış xəritəsini çap edib, Arazın ikinci tələbindən sonra qəzetin onlayn versiyasından çıxardıb), “profimedia”nın “çoxbilmiş” təchizatçısının kimliyi məni maraqlandırdı. Sadəcə alt-başlıqdakı mətn - “Multi-thousand-strong Anti-Armenian meeting” ifadəsi üçün axtarış apardım və eyni foto-silsiləni keçmiş sovet, indi isə rus foto-agentliyi “RİA Novosti”nin veb-səhifələrində tapdım. Orada fotoqrafın macar agentliyinin təvazökarlıqla gizlətdiyi adı da göstərilmişdir: 80-ci illərin mahir fotoqrafı D. Kalinin.


Rus agentliyindən düzəliş tələb etmək təklifi ilə bu URL-ni Araza göndərdim. Amma o, göndərdiyim məktubu oxuduğu müddətdə foto-silsilədəki şəkillərin başlığı dəyişərək növbəti formaya düşüb: “Bakıda mitinq. Minlərlə nümayişçi Bakıda Lenin meydanına toplaşır, Azərbaycan SSR, sovet respublikası.” Yəqindir ki, rus agentliyinin inzibatçısı veb statistikasında mənim axtarışıma rast gəlib və bir rus kimi, öz macar həmkarından çox daha ağıllı tərzdə, dərhal siyasi cəhətdən həssas başlığı dəyişib. Bununla belə “Google” keşi hələ də köhnə versiyanı saxlayır (oradan yoxa çıxacağına görə həmiçinin burada saxlanıb). İndi ümid edirik ki, macar agentliyinə göndəriləcək təchizatçılarına istiandla əsaslandırılmış növbəti məktub nəhayət onların saytında da uydurma başlıqların dəyişdirilməsi ilə nəticələnəcək.

Bu fotolar ilk əvvəl rus saytında (burada, arxiv, keş, keşin arxivi) hamısının başlığı “Bakıda anti-erməni mitinqi” olan on şəkildən ibarət silsilənin bir hissəsidir. Əslində isə onların hamısı 1989-cu ilin payızında, son nəticədə iki il sonra Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsinə gətirmiş anti-kommunist nümayişləri keçirilən aylarda çəkilmişdir.

Mənbə: profimedia (arxiv)

Araz həyəcan, gərginlik, ümid və faciələrlə dolu o ayları yada salaraq, bizə bu prosesin baş verdiyi az bilinən tarixi şəraiti başa düşməkdə kömək edir:

Azərbaycan Respublikasında 17 noyabr Sovet İttifaqının dağılması ilə müstəqilliyimiz yenidən əldə edildikdən bir il sonra, 1992-ci ildə dövlət bayramı elan edildi. Uzaq 1988-ci ilin bu unudulmaz günündə on minlərlə insan Bakının küçələrindən keçərək Lenin Meydanına - şəhərin Xəzər sahilində bulvarı yuxarıdan seyr edən nəhəng Lenin heykəlli DomSovet hökumət evinin qarşısındakı əsas meydanına axışdı.

Mənbə: profimedia (arxiv)

İnsanlar oraya yuxarıdan göstərişlə, kommunist partiyasının hansısa nümayişi üçün deyil, ürəklərinin tələbi ilə toplaşdılar. Əsasən universitet tələbələri və tətil edən Bakı fəhlələrindən ibarət kütlənin təkrar-təkrar hayqırdığı şüarlardan ən çox səslənəni “Azadlıq” idi, bu gün isə eyni meydan (amma heykəl Leninsiz) həmin bu adla çağrılır: Azadlıq Meydanı. “Meydan Hərəkatı” - ilk müddətsiz mitiq, Azərbaycanda açıq milli azadlıq hərəkatı başlamışdı.

Source: profimedia (saved)

Sovet İttifaqında əzici rejimin on illərlə davam etməsindən sonra “Perestroyka (Yenidənqurma), Glasnost (Aşkarlıq) və Plüralizm”in elan edilməsi ilə Azadlıq ruhu şüşədən buraxılmışdı. Lakin Azərbaycanın Qarabağ regionunda Ermənistandakı millətçi hərəkatın köməyi, həmçinin Avropa və Amerikadakı güclü erməni diasporasının dəstəyi ilə başlamış separatist hərəkətlər nəticəsində bir qədər əvvəl alovlanan etnik münaqişə zamanı Azərbaycandakı kölə respublika hökumətinin bacarıqsızlığı və Moskvadakı mərkəzi hökumətin göründüyünə görə anti-azərbaycan mövqeyi artan xalq narazılığında son damla oldu. İlk azəri qaçqınları xeyli əvvəl, 1987-1988-ci ilin qışında şaxtalı dağ keçidləri ilə Ermənistndan gəlmişdilər, hər iki tərəfdən qaçqınların sayı minlərlə ölçülürdü və ilk qan artıq tökülmüşdü. 1988-ci ilin sonuna Ermənistanın 200 minlik azəri əhalisinin hamısı demək olar ki tamamilə qovulmuşdu, Qarabağdakı vəziyyət isə getdikcə daha da təhlükəli olurdu. Buna görə də başqa bir tez-tez səslənən şüar silahlı separatizmə son qoymaq üçün təcili tədbirlərin görülməsinə çağıran “Qarabağ” şüarı idi.

Mənbə: profimedia (aarxiv)

1988-ci ilin yayında bir qrup alim və ziyalı tərəfindən əsası qoyulmuş Azərbaycan Xalq Cəbhəsi (AXC) cəmiyyətdə demokratik dəyişikliklərə başlamaq, həmçinin aktual problemlərin həll edilməsində təşəbbüs göstərməyə (məsələn, qaçqınlar üçün köhnə paltar və ayaqqabıların yığılması) çalışırdı. AXC fəalları bir çox şəhərdə kütləvi mitinqlərin əsas təşkilatçıları idi. Atam məni Azadlıq Meydanına gətirəndə balaca oğlan idim.

Mənbə: profimedia (arxiv)

Hər gün oraya yarım milyondan çox insan toplaşırdı. Çıxışlar tez-tez kütlənin alqışları ilə kəsilirdi. Baltik ölkələrindən birinin Xalq Cəbhəsi nümayəndəsinin rus dilində etdiyi bir çıxış yadıma düşür: “Azərbaycan Sovet İttifaqında gedən azadlıq hərəkatının ön cəbhəsindədir”, lakin Moskvadakı mərkəzi sovet mətbuatı kor və kar idi. Kütləvi mitinq gecəyə qədər davam etdi, amma insanlar dağılışmadı. Meydanın ortasında mitinqçilərin növbə ilə dincəldiyi bir neçə çadır var idi. Qonşu evlərdə yaşayan insanlar onlara bir qədər yemək, başqaları isə maşınla ərzaq gətirirdi. Hətta belə şayiə gəzirdi ki, kriminal aləmin avtoritetləri hərəkatla həmrəyliyin ifadəsi kimi oğurluqlara moratorium qoyublar. Bilmirəm bu doğru idi, yoxsa yalan, amma o zaman xalq arasında həqiqi həmrəylik və azadlıq hissi var idi.

İri yazı: “Азəрбайчан Халг Чəбhəси əтрафында билəшин!” – “Azərbaycan Xalq Cəbhəsi ətrafında birləşin!” Üzərində “АХЧ [...] район шо'бəcи” – “AXC [...] rayon şöbəsi” yazılmış bir neçə kiçik plakat var. Sağ tərəfdə uzaqda qəribə bir şüar görünür: “Сиjамəкə азадлыг!” – “Siyaməkə (?) azadlıq!” Bu, həbs olunmuş fəallardan ola bilər. Mənbə: profimedia (arxiv) və RIA keşi (arxiv)

24 noyabr Bakıda fövqəladə vəziyyət elan edildi, lakin 17 noyabr meydanda başlamış müddətsiz mitinq düz 5 dekabra qədər 17 gecə fasiləsiz davam etdi. Meydanı dövrəyə almış sovet Daxili İşlər Nazirliyinin xüsusi qoşunları o gecə mühasirə halqasını sıxdılar - 547 nəfər həbs olundu, iki nəfər isə öldürüldü.

Şüarlar: “Халгын сəрвəтини халга гайтарын!” – “Xalqın sərvətini xalqa qaytarın!”; “Рəдд олсун халгын сечмəдийи депутатлар!” – “Rədd olsun xalqın seçmədiyi deputatlar!” Mənbə: profimedia (arxiv)

Lakin bir neçə aydan sonra, 1989-cu ilin yayında Azadlıq Meydanında kütləvi mitinqlər yenidən başladı. Başqa bir şüar - “İstefa” xalqın etimadını doğrultmayan hökumətin istefasını və demokratik seçkilərin keçirilməsini tələb edirdi. Bu, totalitar sovet rejiminin sonu və uzun müddət yolunu gözlədiyimiz Azadlığın başlanğıcı olardı. Lakin bunun üçün qanlı terror və əzablı mübarizə dolu daha iki il lazım gəldi.


Qorbaçovu hərbi gücə əl atmağa məcbur etmək üçün DTK (KQB) Qarabağ məsləsinin yaratdığı gərginlikdən istifadə edərək təxribatlar təşkil etdi. Buraya yerli sovet qoşunlarının heç bir müdaxilə etmədən baş verməsinə imkan yaratdığı erməni əhalisinə qarşı 1988-ci ilin fevralı Sumqayıtda 31 nəfərin öldürüldüyü və 1990-cı ilin yanvarı Bakıda 50-dən 90-a qədər qurbanı olmuş talanlar daxil idi. Sonuncudan bir həftə sonra, 1990-cı ilin “qara 20 yanvarında” hərəkətə keçən sovet ordusu Bakıda 130-dan çox mülki şəxsi qətlə yetirmiş, daha 700-dən çoxunu yaralamışdı. Mənbə: RFE

İndi, Azərbaycan müstəqil bir dövlət olduqdan iyirmi il sonra beynəlxalq müşahidə təşkilatı illik “Dünyada azadlıq” hesabatında ölkəni “qeyri-azad” ölkə kimi göstərir, 17 noyabr isə daha bayram deyil. Mənim üçün əsas sual odur ki, Meydanda keçən uzaq 1988-ci il daxilimizdə olan o azadlıq hissini geri qaytarmaq üçün mən nəyi qurban verərdim?

Mənbə: profimedia (arxiv)

No hay comentarios: